Günümüzdə kommersiya hüququ mülki hüququn yarımsahəsi olmaqdan çıxaraq, müstəqil hüquq sahəsi kimi tanınmağa başlayıb. Ümumilikdə, kommersiya hüququ dedikdə, iqtisadi fəaliyyətin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyəti başa düşülsə də, artıq kommersiya hüququ bu dar yanaşmadan kənara çıxmışdır. Təsadüfi deyildir ki, bu hüquq sahəsi “common law” ailəsinə daxil olan ölkələrdə həmçinin “trade law”- “ticarət hüququ” kimi də tanınır. Kommersiya hüququ - ticarət dövriyyəsini və peşəkar sahibkarlar (kommersantlar) arasında qarşılıqlı münasibətləri tənzimləmək üçün formalaşmış normaların məcmusudur. Mülki hüququn xüsusi hissəsinə “kommersiya müqavilələri” adlı ayrıca fəsil daxil edilməsə belə, aşağıda sadalanan müqavilə növlərini kommersiya hüququnun tərkib hissəsinə aid etmək olar:
· Realizasiya müqavilələri;
· Vasitəçilik müqavilələri;
· Təşkilati müqavilələr;
· Ticarətə yardımçı xarakterli müqavilələr.
Bu təsnifatın özünün də hər birinin xüsusi növləri vardır ki, bunlar Mülki Məcəllənin xüsusi hissəsində tənzimlənmişdir: Alqı-satqı, təchizat, dəyişmə, tapşırıq, komissiya, konsiqnasiya, françayzinq və s.
Bundan əlavə, kommersiya təyinatlı hüquqi şəxslərin qeydiyyatı məsələsi də bu hüququn predmetinə aid edilir. Belə ki, hal-hazırda ölkəmizdə tətbiq edilən “bir pəncərə” prinsipi ilə kommersiya hüquqi şəxslər Dövlət Vergi Xidmətində qeydiyyatdan keçərək vergi ödəyicisi statusu əldə edirlər.
Təşkilati-hüquqi formasından asılı olaraq, təsərrüfat cəmiyyət və ortaqlıqlarının fəaliyyəti, onların sahibkarlıq və ticarət münasibətlərində iştirakı ilə bağlı məsələlər kommersiya hüququna daxil olan məsələlər sırasındadır. MMC, ASC, QSC kimi təsərrüfat cəmiyyətləri və digər formada yaradılan kooperativlərin idarə edilməsi, bəzi hallarda inzibati-təsərrüfat, subordinasiya münasibətləri ilə bağlı olduqda, inzibati hüququn tərkib hissəsinə daxil olsa belə, müqavilə münasibətlərində bərabərhüquqlu subyekt qismində çıxış edərək kommersiya fəaliyyətinin əsasını təşkil edirlər.
Onu da qeyd etmək lazımdır ki, 2019-cu ildən etibarən müstəqil qaydada fəaliyyət göstərən Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti üzrə və vergi ödəyiciləri arasında olan mübahisələrə Mülki Prosessual Məcəllədə tənzimlənən qaydada baxır.
Beynəlxalq aləmdə hal-hazırda mövcud olan bütün ticarət dövriyyələri, demək olar ki, kommersiya hüququnun tənzimetmə dairəsinə düşür. Məsələn, beynəlxalq malların alqı-satqısı, daşınması, çatdırılması kimi məsələlər bu sahəyə daxildir.
“Legalaid” Hüquq Şirkəti olaraq aşağıdakı xidmətlərimizi sizə təqdim edirik:
· Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatından keçirilməsi;
· Kommersiya münasibətləri ilə bağlı müqavilələrin tərtibi, tərəflərin razılığına əsasən müqavilə şərtlərinin müəyyən edilməsi;
· Kommersiya mübahisələri ilə bağlı məhkəmələrə iddia ərizələrinin verilməsi, məhkəmədə vəkil və nümayəndə qismində iştirak edilməsi və digər xidmətlər.
Xanəliyev Emil Vüqar oğlu