Ümumilikdə orqan transplantasiyasının dövlət tərəfindən hüquqi tənzimlənməsi bu həssas mövzuda yaranan etik və hüquqi problemlərin qarşısının alınmasında olduqca önəmlidir. Orqan transplantı donorunun, donorun öldükdən sonra yaxınlarının, orqan transplantasiyasının edildiyi şəxsin və bu prossesi həyata keçirən həkimlər və tibb işçilərinin bir-biri ilə bəzən əks gələn maraqlarının qorunması məqsədi ilə bu hüquqi tənzimlənmə olduqca şəffaf, hərtərəfli və aydın qaydalara əsaslanmalıdır.
Azərbaycan Respublikasının (AR) bu sahədə olan əsas qanunvericilik aktı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunudur. Lakin mövcud qanunun çatışmamazlıqlarını nəzərə alaraq Milli Məclisdə bu sahəni tənzimləyən yeni qanunun layihəsinin müzakirə aparılır. Yayılan xəbərlərə görə yeni qanun layihəsinə əsasən gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar şəxsin əvvəlcədən verdiyi və onun yaxın qohumlarının hər hansı bir icazə olmadan götürülə bilər [1]. Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) AR-nın da üzv olduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 8-ci maddəsinin (Şəxsi həyata və ailə həyatına hörmət hüququ) pozulması ilə bağlı məhkəmə işinə [2] baxan zaman ölmüş şəxsin orqan və toxumalarının transplantasiyası zamanı onun yaxın qohumlarının hüquqlarını təsdiq etmişdir. Adı çəkilən işdə ərizəçi yerli qanunvericilikdə müəyyən edilən hüquqlarının öz ölmüş oğlunun bədənindən transplantasiya edilməsi üçün orqanın götürülməsi zamanı öz etirazını bildirə bilmədiyinə görə pozulduğunu iddia edirdi. [3]
AİHM-in şərhinə görə 8-ci maddənin əsas məqsədi individiualları hakimiyyət orqanlarının müdaxiləsindən qorumaqdır. [4] Lakin 8-ci maddənin 2-ci bəndinə görə bu müdaxilə “qanunla nəzərdə tutulmuş” olduqda əsaslandırıla bilər. AİHM-in məhkəmə praktikasını nəzərə alaraq gəldiyi nəticəyə görə bu cür müdaxilədən sui-istifadə hallarının qarşısının alınması üçün yerli qanunvericilikdə bu cür müddəa adekvat dəqiqliklə və aydın şəkildə ehtiva olunmalıdır. [5] Nəticə olaraq, məhkəmə ərizəçinin qanunun qeyri-dəqiqliyi nəticəsində öz ölmüş oğlundan orqan götürülməsinə etiraz edə bilməməsini şəxsi həyatına hörmət hüququnun pozulmasına gətirib çıxardığını müəyyən etmişdir. [6]
Əlavə olaraq, AR Konstitusiyasının 32-ci maddəsinin II bəndində də “qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etməyin qadağan olması” ehtiva olunur. Konstitutsiyanın bu bəndini eləcə də AİHM-in şərhini nəzərə alaraq adı yuxarıda adı çəkilən qanun layihəsinə salınması ehtimal olunan vətəndaşların ölümündən sonra icazəsiz göz buynuz qişasının götürülməsi ilə bağlı müddəa insan hüquqları aspektindən sui-istifadə hallarının qarşısının alınması ilə əlaqədar qanunda geniş şəkildə interpretasiyaya yol verilməyəcək və ölmüş şəxsin yaxın qohumlarının hüquqlarını təmin edəcək şəkildə ifadə olunmalıdır.
[1] https://report.az/sehiyye/azerbaycanda-meyitden-gozun-buynuz-qisasinin-goturulmesine-icaze-veril/ (son ziyarət: 6 İyun 2020)
[2] Petrova v Latvia, EctHR, Application no. 4605/05 (2014).
[3] Yenə orada, ¶78.
[4] Yenə orada, ¶85.
[5] Yenə orada, ¶86.
[6] Yenə orada, ¶89.
Authors:
Sona Gaybaliyeva
Taleh Abbasli