Münaqişənin başlanğıcı
Dağlıq Qarabağ münaqişəsi hazırda davam etməkdə olan mübahisələrdən biridir. SSRİ-nin dağılması ərəfəsində regiondakı gərginlik daha da artırdı. Bunun ardınca Dağlıq Qarabağın və ətraf yeddi rayonun yerli erməni qoşunları tərəfindən işğalı baş verdi.[1] Baxmayaraq ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağla bağlı dörd qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etmişdir, həmin qətnamələr hələ də tam yerinə yetirilməmişdir. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT Təhlükəsizlik Şurası) Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən birtərəfli şəkildə çıxarılmasını tələb etmişdir.[2] Xüsusilə, BMT Təhlükəsizlik Şurasının 822, 853 və 884 saylı qətnamələrində yerli erməni qüvvələrinin müvafiq olaraq Kəlbəcərdən, Ağdamdan, Zəngilandan və son vaxtlar işğal edilmiş digər ərazilərdən çıxarılması tələb edilir. 874 saylı qətnamədə isə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunun Azərbaycanın tərkibində olduğunu birmənalı şəkildə tanıyır.
Müharibə Cinayətləri
27 sentyabr 2020-ci ildə iki tərəf arasında ağır döyüşlər başlamış və bu, 1994-cü ilin mayında bağlanan atəşkəsdən bu yana münaqişələrin ən yüksək nöqtəsi hesab olunur. Münaqişə zonasında ağır döyüşlərin getdiyi vaxtda erməni qoşunları münaqişə zonasından uzaqda mülki obyektlərə hücum etmişdirlər. Hücumlar Tərtər, Gəncə, Xızı, Mingəçevir, Bərdə və bir sıra digər şəhərlər istiqamətində aparılmışdır. Bu hücumların ən ağır olanları oktyabrın 11-i və 17-si Gəncədə, 29-u isə Bərdədə baş vermişdir. Oktyabrın 11-i gecə saat 2-də Gəncə şəhərinə edilən hücum nəticəsində dinc sakinlərdən 10 nəfər həyatını itirmişdir.[3] 17 Oktyabrda baş verən hücumda isə 13 dinc sakin qətlə yetirilmişdir.[4] Bərdənin şəhər mərkəzinə edilən hücumda isə 21 nəfər dinc sakin raket hücumlarının qurbanı olmuşdur.[5] Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatına əsasən, ümumilikdə 27 Sentyabr - 29 Oktyabr tarixləri arasında baş vermiş hücumlar nəticəsində 90 dinc sakin həyatını itirib.[6] Həmin müddət ərzində 392 mülki şəxs yaralanmış, 2406 mülki yaşayış evi, 92 çoxmənzilli yaşayış binası və 423 mülki obyekt yararsız vəziyyətə salınmışdır.[7]
Mülki obyektlərin bombalanması beynəlxalq humanitar hüquqa əsasən müharibə cinayətidir və Ermənistan rəsmiləri buna görə məsuliyyət daşıyır. Beləlilkə, sual yaranır: “bu cinayətlər hansı normalara əsasən müharibə cinayəti hesab olunur?”.
Müharibə cinayətləri Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) əsas müqaviləsi olan Roma Statutunun 8-ci maddəsində müəyyən edilmişdir. Maddə 8-ə əsasən, (i) qəsdən öldürmə; (iii) qəsdən ağır əzablar vermək və ya bədənə və ya sağlamlığa ciddi xəsarət yetirmək; (iv) hərbi zərurətlə əsaslandırılmayan və 1949-cu il Cenevrə Konvensiyasının müddəaları ilə qorunan şəxslərin və ya əmlakın qanunsuz və kor-koranə şəkildə geniş miqyaslı məhvi və mənimsənilməsinə yönələn hərəkətlər müharibə cinayətləri kimi qəbul edilir. Dördüncü Cenevrə Konvensiyasının 2-ci maddəsində deyilir ki, Konvensiya Razılığa gələn Yüksək Tərəflərdən iki və ya daha çoxu arasında yarana biləcək bütün silahlı qarşıdurma hallarına şamil edilir. Konvensiyanın 4-cü maddəsi, Konvensiyaya əsasən qorunan şəxslərin kim olduğunu, 5-ci maddəsi isə müdafiəni istisna edən halları müəyyənləşdirir. Hər hansısa üzv dövlətin dövlət təhlükəsizliyinə qarşı fəaliyyətlərdə iştirak etməyən və ya bunda şübhəli bilinməyən vətəndaşları Konvensiya əsasında qorunur. Həm Azərbaycan, həm də Ermənistan 1993-cü il İyun ayından bu Konvensiyaya üzvdür.[8]
Bundan başqa, Ermənistan Cenevrə Konvensiyalarına əlavə olan 1 saylı Protokola üzv olan dövlətlərdən biridir. Protokolun 1-ci maddəsində bildirilir ki, üzv dövlətlər istənilən şəraitdə protokola riayət olunmasını təmin etməyi öhdələrinə götürürlər. Protokolun 4-cü hissəsi mülki əhaliyə aid müddəalara həsr olunmuşdur. 48-ci maddədə münaqişədə olan tərəflərin mülki əhali ilə kombatantlar arasında və mülki obyektlər ilə hərbi obyektlər arasında daima fərq qoymaq barəsində dövlətlər üçün norma və məsuliyyət müəyyən edilmişdir. Əməliyyat və hücumlar yalnız hərbi obyektlərə qarşı yönələ bilər. 50-ci maddədə mülki şəxslərin və mülki əhalinin izahı verilir. 51-ci maddənin 4-cü bəndində mülki əhali ilə kombatantlar arasında fərq qoymayan hücumlar sadalanır. Konkret hərbi obyektə yönəlməyən hücumlar bu tip hücumlardan hesab edilir.[9] Bu tip hücumlar Konvensiya tərəfindən qadağan edilir və Roma Statutunun 8-ci maddəsinin ciddi pozuntusu deməkdir.
Ermənistan Respublikasının rəsmiləri Ermənistan Respublikasından kənarda quraşdırılmış raketlərdən açılan atəşlə törədilən cinayətlər də daxil olmaqla Azərbaycan Respublikasına qarşı törədilən bütün müharibə cinayətlərinə görə məsuliyyət daşıyırlar. Ballistik raket atəşləri Ermənistan ərazisindən açılsa da, qondarma rejimin olduğu Dağlıq Qarabağ ərazisindən açılan atəşlər də olmuşdur. Azərbaycanın işğal olunmuş ərazilərində qondarma rejimin mövcudluğu Ermənistan rəsmilərinin məsuliyyətini aradan qaldırmır. Ermənistan Respublikası və rəsmiləri ona görə məsuliyyət daşıyırlar ki, Dağlıq Qarabağdakı qondarma rejimin hərəkətləri Ermənistan Respublikası adından törədilmiş hesab edilir.[10] BMT-nin Beynəlxalq Hüquq Komissiyasının qəbul etdiyi Dövlət Məsuliyyətinə dair Maddələrə əsasən “əgər şəxs və ya bir qrup şəxs faktiki olaraq hər hansısa dövlətin göstərişləri və ya istiqamətləndirməsi əsasında və yaxud da nəzarəti altında hərəkət edirsə, həmin şəxs və ya bir qrup şəxsin hərəkətləri beynəlxaq hüquqa uyğun olaraq həmin dövlətin hərəkətləri hesab edilir.”[11] Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) müəyyən etmişdir ki, üzv dövlətlərin məsuliyyəti onların sayəsində faəliyyətini davam etdirən yerli idarəetmələrin hərəkətlərini də ehtiva edir.[12] Çıraqov və digərləri Ermənistana qarşı işində Məhkəmə Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı ərazilərdəki nəzarətini qiymətləndirmişdir. Bu mövzuda Məhkəmənin gəldiyi nəticə belə olmuşdur: Dağlıq Qarabağ Respublikası hökuməti məhz Ermənistanın hərbi, siyasi, maddi və digər dəstəkləri ilə fəaliyyətini davam etdirə bilir və buna görə də Ermənistan Dağlıq Qarabağa və ətraf yerlərdə effektiv nəzarət həyata keçirə bilir.[13] Həmin Məhkəmənin Kipr Türkiyəyə qarşı işində müəyyən etdiyi normaya əsasən bu nəticəyə gələ bilərik ki, Ermənistan Dağlıq Qarabağdakı qondarma rejimin hərəkətlərinə görə məsuliyyət daşıyır. Bu, BMT-nin Beynəlxalq Hüquq Komissiyasının qəbul etdiyi Dövlət Məsuliyyətinə dair Maddələr ilə də təsdiqlənir. Yekun olaraq qeyd edə bilərik ki, qondarma rejim Ermənistanın nəzarəti altında fəaliyyət göstərdiyi üçün bu rejimin hərəkətlərinə görə Ermənistan Respublikası məsuliyyət daşımalıdır. Buna görə də Ermənistan rəsmiləri Ermənistan ərazisindən kənarda açılan atəşlə törədilmiş müharibə cinayətlərinə görə də məsuliyyət daşıyırlar.
Müharibə cinayətləri Roma Statutunda müəyyən olunduğuna görə sual yarana bilər: “Roma Statutu nə zaman tətbiq oluna bilər?”. Nə Azərbaycan, nə də Ermənistan Roma Statutuna üzv deyil. Lakin bu o demək deyil ki, Gəncə şəhərinin atəşə tutulması BCM tərəfindən araşdırıla bilməz. Roma Statunun 13-cü maddəsinə əsasən, BMT Təhlükəsizlik Şurasının yönləndirməsindən sonra, BCM öz yurisdiksiyasını həyata keçirə bilər. Bu cür yönləndirmə BMT-nin üzvü olan istənilən dövlətlə, o cümlədən BCM-nin üzvü olmayan dövlətlərlə bağlı edilə bilər.[14] Məhkəmənin yurisdiksiyasını həyata keçirmək üçün iki alternativ şərtdən biri odur ki, müharibə cinayəti üzv dövlətin ərazisində törədilmiş olsun. İndiki halda ərazisində cinayət törədilmiş dövlət Azərbaycandır. Roma Statutuna üzv olmayan dövlət məhkəmənin yurisdiksiyasını xüsusi hallarda qəbul edə bilər.[15] Darfur işi Roma Statutuna üzv olmayan dövlətin ərazisində törədilmiş müharibə cinayətinin BCM araşdırılmasına nümunə kimi göstərilə bilər. Sudan Roma Statutuna üzv olmasa da, Darfur işi 1953-cü il tarixli BMT Təhlükəsizlik Şurasının 1953 saylı qətnaməsindəki yönləndirməyə əsasən məsələ 2005-ci il 31 mart tarixində BCM tərəfindən araşdırılmışdır.[16] Sudan BMT-nin üzvü olduğundan, Roma Statutunda sadalanan cinayətlər Sudan ərazisində və ya onun vətəndaşları tərəfindən törədildikdə, məsələnin həlli BCM-nin yurisdiksiyasına aid edilir.
Qadağan Olunmuş Silahlardan İstifadə
Bununla belə Ermənistan hökumətinin törətdiyi müharibə cinayətləri bununla bitmir. Gəncə şəhərinə edilən hücumda "Scud" raketindən istifadə edilmişdir.[17] Bu isə bizi Roma Statutunun 8-ci maddəsinin 2-ci bəndinə yönləndirir. Maddədə beynəlxalq silahlı münaqişədə tətbiq olunan qanun və qaydaların beynəlxalq hüquq çərçivəsində tətbiq edilən digər ciddi pozuntuları (1-ci bənddə qeyd edilənlərdən başqa) təsbit olunub. Bundan əlavə, bu mövqedə bir sıra əməllər sadalanır. Bu əməllər sırasında yarımbənd (xx)-də aşağıdakılar qeyd edilmişdir: beynəlxalq silahlı münaqişə hüququnu pozaraq, mahiyyət etibarilə hərbi obyektlərlə mülki obyektləri ayıra bilməyən silahlar, mərmilər, material və döyüş üsulları tətbiq edərək öz təbiətinə görə həddindən artıq ağır xəsarət və ya lazımsız əzablara səbəb olmaq hərtərəfli qadağandır. "Scud" raketi bu qəbildən olan silah kimi qiymətləndirilməlidir. Bu tip hadisələrlə əlaqədar olaraq, Kanada, ABŞ, Böyük Britaniya və İsrail kimi ölkələrə istinad edə bilərik. İraqın "Scud" raketlərini tətbiq etməsi bir çox dövlətlər tərəfindən qınanmışdır. Kanada Silahlı Münaqişə Qanunu Təlimatının 5-ci fəslində bildirilir ki, mülki və hərbi obyektləri ayıra bilməyən silahların istifadəsi qadağandır.[18] Daha sonra həmin maddədə izah olunur ki, istifadə edilən silah o vaxt bu qrupa aid edilir ki, heç bir fərq qoymadan mülki şəxslərə və obyektlərə yönəlsin, onlara ziyan vursun. Həmin maddədə nümunə olaraq “Scud” raketinin adı çəkilir.[19] İsrail də kütləvi qırğına səbəb olan silah növü kimi “Scud” raketlərini nümunə gətirib bildirir ki, heç bir fərq qoymadan mülki əhalinin ölümünə səbəb olur.[20] İngiltərə Xarici İşlər və Birlik İdarəsi də İraqı “Scud” raketlərinin istifadəsinə görə qınamış və bu raketlərin dəqiq hədəfə yönələn silah olmadığını və açıq şəkildə mülki hədəfləri vurmağı nəzərdə tutduğunu bildirmişdir.[21] ABŞ da "Scud" raketlərinin tətbiqini qınayan dövlətlər sırasındadır. O, İraqı "mülki və hərbi obyektlər arasında fərq qoymayan “Scud” raketindən istifadə etməkdə” ittiham etmişdir.[22] Fikrimizcə, erməni silahlı qüvvələrinin Gəncə şəhərinə zərbə endirmək üçün “Scud” raketlərindən istifadə etməsi İraqın İsrailə və Səudiyyə Ərəbistana qarşı “Scud” raketlərindən istifadə etməsi ilə eyni haldır. Gəncə şəhərində də “Scud” raketi mülki əhali və obyektlərə qarşı yönəldilmiş və yalnız mülki əhalinin zərər görməsinə səbəb olmuşdur.
Nəticə
Erməni silahlı qüvvələri tərəfindən Gəncədə mülki obyektlərin bombalanması Roma Statutunda müəyyən edilmiş müharibə cinayətidir. Darfur məsələsində olduğu kimi, bu halda da BCM öz yurisdiksiyasını həyata keçirə bilər, çünki cinayətlər Azərbaycan ərazisində törədilmişdir, baxmayaraq ki, nə Azərbaycan, nə də Ermənistan Roma Statutuna üzv deyil.
Həmmüəlliflər:
Nilufər İsayeva
Ənvər Yaqubov
[1] United Nations Security Council Resolution 822, UN Doc S/RES/822 (30 April 1993), (“the latest invasion of the Kelbadjar district of the Republic of Azerbaijan by local Armenian forces”); United Nations Security Council Resolution 853, UN Doc S/RES/853 (29 July 1993), (“the seizure of the district of Agdam in the Azerbaijani Republic”); United Nations Security Council Resolution 884, UN Doc S/RES/884 (12 November 1993), (“the occupation of the Zangelan district and the city of Goradiz in the Azerbaijani Republic”), para. 4 (“other recently occupied areas”).
[2] United Nations Security Council, Resolution 822, UN Doc S/RES/822 (30 April 1993), para. 1; United Nations Security Council, Resolution 853, UN Doc S/RES/853 (29 July 1993), para. 3; United Nations Security Council, Resolution 874, UN Doc S/RES/874 (14 October 1993), para. 5; United Nations Security Council, Resolution 884, UN Doc S/RES/884 (12 November 1993), para. 4.
[3] “Gəncə şəhərində ölənlərin sayı 10-a çatdı”, available at: https://genprosecutor.gov.az/az/post/3000, (last accessed 23 October 2020).
[4] “Gəncə şəhəri ərazisinə dağıdıcı xassəli mərmilərin düşməsi nəticəsində həlak olan və yaralanan şəxslərə dair statistika”, available at: https://genprosecutor.gov.az/az/post/3046, (last accessed 23 October 2020).
[5] “Nagorno-Karabakh conflict: Missile strike on Azeri town kills 21 civilians”, available at: https://www.bbc.com/news/world-europe-54722120, (last accessed 29 October 2020).
[6] “29.10.2020-ci il 13:00 olan məlumat-mülki əhalimizə qarşı törədilən cinayətlər”, available at: https://genprosecutor.gov.az/az/post/3119, (last accessed 29 October 2020).
[7] Yenə orada.
[8] International Committee of the Red Cross, Treaties, States Parties And Commentaries (2020), available at: https://ihl-
databases.icrc.org/applic/ihl/ihl.nsf/States.xsp?xp_viewStates=XPages_NORMStatesParties&xp_treatySelected=380, (last accessed 19 October 2020).
[9] Protocol Additional to the Geneva Conventions of 12 August 1949 and relating to the Protection of Victims of International Armed conflicts, 1125 U.N.T.S 3, Article 51(4)(a).
[10] Annex to the letter dated 3 February 2020 from the Permanent Representative of Azerbaijan to the United Nations addressed to the Secretary-General, 10/68-18/68.
[11] ILC, Draft articles on Articles on State Responsibility, with commentaries, II.2 YILC 31 (2001), Article 8.
[12] Cyprus v Turkey, ECtHR (Grand Chamber), Application no. 25781/9410 (May 2001), para. 77.
[13] Chiragov and Others v Armenia, ECtHR (Grand Chamber), Application no. 13216/05 (16 June 2015), para. 186.
[14] Rome Statute of the International Criminal Court, 2187 U.N.T.S. 9, UN Doc. A/CONF.183/9 (17 July 1998), Article 12(2)(b) [“Rome Statute”].
[15] Rome Statute, Article 12(3).
[16]“Darfur, Sudan”, available at: https://www.icc-cpi.int/darfur, (last accessed 19 October 2020).
[17] “Azerbaijan: Ganja Attack Is “Culmination Of Escalation” With Armenia - Govt Official” (2020), available at: https://www.ruptly.tv/en/videos/20201014-055, (last accessed 19 October 2020).
[18] Canada’s Law of Armed Conflict Manual (2001), V chapter, 5-2, available at: https://www.fichl.org/fileadmin/_migrated/content_uploads/Canadian_LOAC_Manual_2001_English.pdf, (last accessed 19 October 2020).
[19] Yenə orada.
[20] Jean-Marie Henckaerts and Louise Doswald-Beck, Customary International Humanitarian Law (The Press Syndicate of the University of Cambridge 2005), 1566.
[21] Yenə orada, 1573.
[22] Yena orada, 1574.