Giriş
Fikir ayrılığı sosial həyatın bir parçasıdır. Fərqli həyat tərzləri, fərqli baxış bucaqları və fərqli maraqlar mövcud olduğu müddətcə fikir ayrılıqları ilə qarşılaşmaq qaçınılmazdır. Belə fikir ayrılıqlarının aradan qaldırılması üçün məhkəmələr və məhkəmələrə alternativ mübahisənin həlli vasitəsi olan mediasiya mövcuddur. Məhkəmələrdə nəticəni işin faktları və ona tətbiq ediləcək hüquq normaları müəyyən etdiyi halda, mediasiya Ümumdünya Əqli Mülkiyyət Təşkilatının da adlandırdığı üzrə “an interest-based procedure”-dur, yəni alınacaq qərarı müəyyən edən faktlar yox, tərəflərin maraqları və istəkləridir.[1]
2019-cu il 29 mart tarixində 1555-VQ nömrəli “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu(bundan sonra - “Qanun”) qüvvəyə minmişdir. Bu Qanun mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir.[2] Bu Qanunun tətbiqini təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti 5 sentyabr 2019-cu il tarixində “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”-nı təsdiq etmişdir (bundan sonra “Qərar”).
Qanunun Təhlili
Qanun barədə daha aydın təsəvvürün olması üçün ilk öncə onun tətbiq dairəsinə, məqsəd və prinsiplərinə, həyata keçirilməsi qaydasına, əsaslarına, baxmaq lazımdır.
Mediasiyanın tətbiq dairəsi Qanunun 3-cü maddəsində öz təsdiqini tapmışdır. Bu maddənin 1-ci bəndinə əsasən, mediasiya mülki işlər və kommersiya mübahisələri üzrə (xarici elementli mübahisələr də daxil olmaqla), ailə, əmək və inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə tətbiq edilir. Həmin maddənin 2-ci bəndində qeyd olunur ki, tərəflər kommersiya mübahisələri, habelə əmək və ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli üçün məhkəməyə müraciət etməmişdən əvvəl bu Qanunun 28 və 29-cu maddələrinin tələblərinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etməlidirlər (Məcburi Mediasiya).
Qanunun 4-cü maddəsində mediasiyanın məqsəd və prinsipləri öz əksini tapmışdır. Mediasiyanın məqsədi ondan ibarətdir ki, tərəflər arasındakı münaqişə azaldılsın və mübahisə onları razı salacaq şəkildə həll edilsin. Təbii ki, bu məqsədə nail olmaq üçün bir sıra prinsiplər vardır ki, mediasiyanın onlara əməl edilmədən həyata keçirilməsini təsəvvür etmək olmaz. Bu prinsiplər könüllülük, tərəflərin hüquqi bərabərliyi və əməkdaşlığı, mediatorun qərəzsizliyi və müstəqilliyi, mediasiya prosesinə müdaxilənin yol verilməzliyi və konfidensiallıqdır. Könüllülük prinsipi ona əsaslanır ki, mediasiya prosesində iştirak (bu Qanunun 28 və 29-cu maddələri nəzərə alınmaqla) tərəflərin azad iradəsinin ifadəsi olaraq meydana gəlir, tərəflər tələblərin həcmini müstəqil müəyyən edirlər və mediatorun seçilməsində sərbəstdirlər.[3]
Müvafiq Qanunun 21.1-ci maddəsinə və Qərarın 4.1-ci maddəsinə əsasən, mediasiya prosesi bu Qanunun 28 və 29-cu maddələrin tələblərinə əsasən ilkin mediasiya sessiyası formasında və ya tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir. Belə müqavilə məhkəməyə müraciət etməzdən əvvəl və ya işə məhkəmədə baxıldığı zaman bağlanıla bilər.[4] Tərəflərdən biri və ya hər ikisi aralarında olan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi təşəbbüsünü göstərə bilər. Həmçinin, bu təşəbbüsü məhkəmələr də göstərə bilər.
Məhkəmə tərəflərə məhkəmə prosesinin istənilən mərhələsində mübahisənin mediasiya vasitəsi ilə həllini təklif edə bilər.[5] Məhkəmə tərəflərə onların Qanunun 28 və 29-cu maddəsində müəyyən edilmiş mübahisələr üzrə ilkin mediasiya sessiyasında iştirak etmək vəzifəsini izah edir. Bu Qanunla müəyyən edilmiş qaydada “mediasiya prosesinin tətbiqi barədə müqavilə”-nin bağlandığı zaman məhkəmədə tərəflər arasında baxılan mülki, kommersiya və inzibati mübahisələrə dair işlər üzrə icraat dayandırılır. Məhkəmə tərəfindən iş üzrə icraatın dayandırılması məhkəməyə barışıq sazişinin və ya mediasiya prosesinin nəticələri barədə protokolun təqdim edildiyi ana qədər davam edir. Əgər tərəflər arasındakı mübahisə mediasiya tərəfindən həll edilmişdirsə, məhkəmə təqdim olunmuş barışıq sazişi və bu barədə madiatorun tərtib etdiyi protokola əsasən tərəflərin iştirakı ilə keçirilmiş iclasda onların razılığı ilə iş üzrə icraata xitam verir.[6] Əgər tərəflər mübahisənin mediasiya vasitəsi ilə həllinə nail ola bilməyiblərsə, bu zaman mediator mediasiya prosesinə xitam verir və bu barədə müvafiq protokolu tərəflərə təqdim edir.[7] Belə protokolu əldə etdikdən sonra tərəflər məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Belə olduqda, tərəf müraciətə müvafiq protokolu əlavə etməlidir.[8]
Beynəlxalq Təcrübə ilə Müqayisə
Qeyd edildiyi kimi mediasiya üçün könüllülük prinsipi vacib əhəmiyyət kəsb edir. Hər nə qədər, qanun kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etməklərini nəzərdə tutsa da, onlar qarşılıqlı razılaşıb, istədikləri mediator və ya mediator təşkilatını seçməkdə sərbəstdirlər.[9] Xarici ölkələrin mediasiyaya yanaşması da həmçinin könüllülük üzərində qurulub. Bununla belə, məhkəmədən qabaq məcburi mediasiyanın nəzərdə tutulduğu ölkələrin sırasına İtaliya, Avstraliya, Türkiyə və s. aiddir. Belə ki, İtaliyada kommersiya mübahisələri üçün məhkəmə baxışından öncə Avstraliyada boşanmış valideynlər uşağın hansı valideyndə qalması ilə bağlı məhkəməyə müraciət etməzdən öncə Türkiyədə isə dəyəri 10,390 Türk lirəsindən yuxarı pul tələbi olan kommersiya mübahisələri üçün tərəflər məhkəməyə müraciət etməmişdən qabaq mediasiya sessiyasında iştirak etmək məcburiyyətindədirlər.[10]
Bununla belə, mediasiya istər fərqli-fərqli ölkələrdə, istərsə də beynəlxalq təşkilatlarda təşviq olunur. Honkonq Universitetinin apardığı sorğuya əsasən, İngiltərədə məhkəməyə müraciət edən şəxslərin 73 faizi İngilis məhkəmə sisteminin köhnəlmiş, çox sərt olmasından şikayətlənir; məhkəmə işlərinin yekunlaşması üçün 161-195 həftə aralığında vaxt tələb olunur. Buna görə də, İngiltərə tərəfləri mübahisəni mediasiya vasitəsilə həll etməyə təşviq edir. London Beynəlxalq Arbitrasiya Məhkəməsi də arbitrasiya ilə yanaşı mediasiyadan istifadə edir.[11] Dünya Ticarət Təşkilatı, Dünya Əqli Mülkiyyət Təşkilatı və digər beynəlxalq təşkilatlar münaqişələrin həlli kimi arbitrasiya ilə yanaşı effektiv alternativ kimi mediasiyadan istifadə edirlər.
Qanunun Analizi və Nəticə
Qanunun ən başlıca müsbət cəhəti ondan ibarətdir ki, bu Qanunun tətbiqi məhkəmələr üzərinə düşən yükü önəmli dərəcədə azaldacaq. Digər müsbət cəhəti isə konfidensiallıqdır, çünki indiki zamanda bunu təmin etmək getdikcə çətinləşir. Mediasiya prosesində iştirak edən tərəflər və ya digər şəxslərin mediasiya prosesi vaxtı onlara məlum olan məlumatları, əgər bu məlumatı verən şəxsin yazılı razılığı yoxdursa, məhkəmədə və ya arbitraj məhkəməsində, digər mediasiya proseslərində və ya hər hansısa digər hallarda açıqlamaq hüququ yoxdur. Bu qayda mediatora və mediasiya təşkilatına da, hətta onların fəaliyyəti dayandırıldıqdan və ya Mediasiya Şurasının üzvlüyündən çıxarıldıqdan sonra da, şamil edilir. Qanunun bu prinsipinin pozulması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.[12]
Bununla yanaşı, ilkin mediasiya sessiyasında məcburi iştirak bu institutun mənfi cəhəti kimi qiymətləndirilə bilər. Çünki, belə məcburiyyət tərəflərin öz hüquqlarını birbaşa məhkəmədə müdafiə etmək imkanlarını məhdudlaşdırır.
Mediasiya təcrübəsi Azərbaycan Respublikasında yeni olmasına baxmayaraq, qəbul edilmiş qanunvericilik beynəlxalq təcrübəyə kifayət qədər yaxındır. Məcburi mediasiya 2021-ci il, 1 iyuldan[13] praktikada da tətbiq olunmaqla, məhkəmələrin yükünü əhəmiyyətli dərəcədə azaldılmasında və mübahisələrin barışıq sazişi ilə daha tez yekunlaşmasında böyük rol oynayacaq.
Müəlliflər: Xəyyam Sultanlı, Nihat Alışov
[1] World Intellectual Property Organization, “What is Mediation”, https://www.wipo.int/amc/en/mediation/what-mediation.html (accessed 03 Jun 2021).
[2] “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli, 1555-VQ nömrəli Qanunu, http://www.e-qanun.az/framework/41828 (accessed 3 Jun 2021) [“Mediasiya haqqında Qanun”].
[3] “Mediasiya haqqında Qanun”, Maddə 5.
[4] Ibid, §21.2.
[5] Ibid, §31.
[6] Ibid, §4.
[7] Ibid, §29.6.
[8] Ibid, §29.7.
[9] Ibid, §28.1, 28.2.
[10] Australian Government Initiative, “Family mediation and dispute resolution”; Tang Houzhi, “Worldwide Use of Mediation”, Honk Kong University; “Turkish Consumer Protection Law”, Article 73/A, (2020).
[11] London Court of International Arbitration (LCIA), “Mediation Rules”, Article 1.
[12] Ibid, §8.
[13] Ibid, §39.