Müəllif: Mediator Nuşabə Mirzəyeva
Müasir dövrdə bir çox beynəlxalq təşkilatların üzvü olan Azərbaycanda ədalətli və səmərəli hüquq məkanının yaradılması vəzifəsi beynəlxalq təcrübənin ölkəmizdə tətbiq edilməsini gündəmə gətirir. Mediasiya razılıq institutu kimi adətən qarşılıqlı dialoq və ünsiyyət mədəniyyətinin formalaşdığı cəmiyyətlərdə yüksələn xətlə inkişaf edir. Bu baxımdan, Azərbaycanda da mübahisələrin məhkəməyəqədər həlli təcrübəsinin tətbiqi imaknları çox böyükdür. Mediasiya institutu bu gün ölkəmizdə nəinki məhkəmə-hüquq sistemi, eləcə də, hüquqi dövlət və cəmiyyət üçün vacib və aktual məsələdir. Müstəqillik illərində həyata keçirilmiş məhkəmə-hüquq islahatları, toplanmış əvəzsiz təcrübə dinamik və mütərəqqi institut olan medasiyanın hüquqi mədəniyyətə və ictimai həyata inteqrasiyası üçün möhkəm təməl rolunu oynayır, cəmiyyətin müxtəlif institutlarının fəal iştirakı və sosial tərəfdaşlığı sayəsində ictimai sabitliyi təmin edir. Mediasiyanın tətbiqinin zəruriliyi, ilk növbədə, məhkəmələrin həddən artıq yüklənməsinin yüngülləşdirilməsi üçün vacibdir. Mediasiya institutunun tərəfdarları da hesab edir ki, bu, məhkəmələrin həddindən artıq yüklənməsinin qarşısını alır və ölkədə hüquqi mübahisələrin həllinə yeni yanaşmanın inkişafına şərait yaradır.
İnsan cəmiyyətdə daim fikir ayrılıqları, maraqların toqquşması ilə qarşılaşır və bəzən, bunlar ciddi münaqişələrə gətirib çıxarır. Bu gün münaqişə gündəlik reallığa çevrilib. Hətta əməkdaşlıq və razılıq şəraitində də münaqişə vəziyyəti olur. İnsanların qarşısında duran əsas problem münaqişə ilə yaşamağı öyrənmək və münaqişələri danışıqlar əsasında məhkəmədən kənar həll etməkdir. Azərbaycan cəmiyyəti demokratik hüquqi dövlətin yüksək inkişaf mərhələsini yaşayır, bu mərhələdə cəmiyyətin bütün sahələrində daimi islahatlar prosesi davam edir. Bazar münasibətlərinə keçid iqtisadi və onunla sıx bağlı olan digər sahələrdə yeni qanunların tətbiq edilməsini, beynəlxalq bəyannamələrə qoşulmağı və ölkə qanunvericiliyində əsaslı dəyişikliklər edilməsini tələb edir. Müasir dövrdə Azərbaycanda məhkəmə sisteminin yenidən qurulması istiqamətində də geniş islahatlar keçirilir. Böhran və mübahisəli vəziyyətlərin məhkəmədən kənar və məhkəməyəqədər tənzimlənməsi ilə bağlı alternativ həll yollarının seçilməsi məsələsinin xüsusi aktuallıq kəsb etdiyi bir dövrdə ölkəmizdə mübahisələrin alternativ həlli üsullarının, xüsusilə də mediasiyanın tətbiqi artıq formalaşmağa başlamışdır.
Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında 3 aprel 2019-cu il tarixli, 604 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin üzrəinə bir sıra tapşırıqlar qoyulmuşdur. Fərmanın 7.6-cı bəndinə əsasən, Ədliyyə Nazirliyinə mediasiya prosesinin tətbiqi ilə bağlı maarifləndirmə və təşviqat tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır.
Mediasiya sahəsində atılan ən mühüm addım kimi, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, 12 fevral 2020-ci il tarixində Mediasiya Şurası qeyri-kommersiya qurumu kimi təsis edilmiş və 16 fevral 2020-ci il tarixində Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Mediasiya Şurası və Avropa İttifaqı ilə birgə həyata keçirilən layihə çərçivəsində mediasiya üzrə təlimçilər hazırlanmışdır və eyni zamanda, bu sahəyə beynəlxalq ekspertlər və nümayəndələr cəlb olunmuşdur. Hazırda Azərbaycan Respublikasında yeganə mediasiya təlimi qurumu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası qeydiyyata alınmışdır. 2021-ci ilin iyulun 1-dən ölkəmizdə mübahisələrin barışıqla yekunlaşmasına xidmət edən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. 30 iyun 2021-ci il tarixdə Mediasiya Şurasının Ümumi Yığıncağının iclası keçirilmiş və yığıncağda üzvlərinin səsverməsi əsasında Mediasiya Şurasının İdarə Heyəti formalaşmışdır.
Mediasiya Şurası fəaliyyətə başlayandan sonra birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılır və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilmir. Tərəflər mediasiyaya öz könüllü təşəbbüsləri, məhkəmənin yönəltməsi, müqavilənin tələbi və qanunun göstərişi əsasında müraciət edə bilərlər. Mülki işlər, kommersiya, ailə, əmək, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr mediasiyanın tətbiq sahəsini əhatə edir.
Mübahisələrin alternativ həlli üsulu o zaman tətbiq olunur ki, tərəflər arasında mübahisə vardır və onu danışıqlar yolu ilə həll edib sona çatdırmaq iradəsi ifadə olunmuşdur. Bu proses müvafiq qaydada sənədləşdirilməklə həyata keçirilir. Mübahisələrin alternativ həlli yolları arasında ən geniş yayılan və ən müsbət nəticələrin əldə olunanı mediasiyadır. Mediasiyanın mübahisələrin həllində tətbiq edilməsini mümkün edən əsas tələb mübahisə tərəflərinin könüllü razılığının olmasıdır. Mediasiya yalnız hər iki və ya tərəflərin sayı çox olduğu zaman, bütün tərəflərin razılığı əsasında mümkün olan bir prosesdir. Hər hansı bir mübahisə meydana gəlir, həmin mübahisəni məhkəməsiz, bitərəf vasitəçinin köməyi ilə aradan qaldırmaq istəyi yaranır və bu zaman mediasiyaya müraciət olunur. Hakimlərdən fərqli olaraq, mediatorlar qanunvericiliyin hər hansı bir normasına əsaslanaraq qərar qəbul etmir, mübahisə tərəflərinə ziddiyyətlərin həlli üsullarının axtarılıb tapılmasında kömək edir. Mediasiya prosesi zamanı üçüncü tərəf yalnız mübahisə tərəflərinin sərbəst qərar qəbul etməsi üçün onlara köməklik göstərir. Tərəflər hər hansı bir mübahisənin həllində kömək almaq üçün üçüncü tərəfə müraciət edirlər, vasitəçi də ünsiyyətin yaxşılaşdırılmasına kömək edir və bununla da, tərəflər bir-birilərinin mövqeyini daha yaxşı anlayır və mübahisəni birlikdə həll etməyə hazır olurlar. Tərəflər digər həll yolundan və ya məhkəmələrdən fərqli olaraq, vaxta, pula qənaət edirlər, digər tərəflə münasibəti pozmurlar. Mediasiyada məcburi qəbul edilən hər hansı bir qərar olmadığı üçün məcburi icra prosesi də mövcud deyildir. Uğurla başa çatacağı təqdirdə mediasiya prosesində nə qalib, nə də məğlub tərəf olur. Mübahisədə olan bütün tərəflər qalib hesab edilir. Mediator –tərəfləri barışdıra biləcək, ümumi razılığın əldə edilməsinə nail ola bilən fiziki şəxsə deyilir. Mediator tərəflərin ümumi razılığa gəlməsinə nail olan vasitəçidir.
Azərbaycan cəmiyyəti mübahisələrin alternativ həlli ilə bağlı böyük bir dəyişikliyin həyata keçirilməsinə artıq nail olmuşdur, lakin hələ də bu dəyişikliyin cəmiyyət tərəfindən düzgün qarşılanması üçün çox böyük zəhmət tələb edən təşkilati və eləcə də, təbliğat işlərinə ehtiyac vardır. Dövlətin üzərinə götürdüyü bu məsuliyyətli işin məqsədi ondan ibarətdir ki, mübahisələr tərəflərin maksimum qarşılıqlı razılığı ilə onların mənafeyinə uyğun olaraq birdəfəlik həll olunsun, məhkəmələrin iş yükü azalsın və nəticə etibarı ilə ədalət mühakiməsinin keyfiyyəti yüksəlsin. Mediasiya prosesinin cəmiyyətin həyatına müvəffəqiyyətlə inteqrasiya etməsi, mediasiyanın cəmiyyət həyatının bir hissəsi olması üçün bu prosesin mahiyyəti ilə bağlı insanlar daha çox maarifləndirilməlidir. Yeni yaranmış bu institutun müvəffəqiyyəti insan amilindən, bu sahədə onların məlumatlı olmasından çox asılıdır. İnsanlar bu prosesin mahiyyətini dərk etməli və onun tətbiqinə qarşılıqlı çalışmalıdırlar. Mediasiyanın mahiyyəti ilə bağlı məlumatların insanlara çatdırılmasında daha çox yük hüquqşünasların, vəkillərin, kütləvi informasiya vasitələrinin üzərinə düşür. Onlar mediasiyanın mübahisələrin həllində mütərəqqi bir yol olduğunu ictimiayyətə çatdırmalıdırlar.
Hazırda Mediasiya Şurasında çox mühüm dəyişikliklərə və yeniliklərə imza atılmaqdadır. Mütəmadi olaraq mediatorlar və İdarə Heyəti üzvləri arasında sıx görüşlər təşkil edilir, mediatorların üzləşdiyi problemlər dinlənilir və vətəndaşların daxil olan müraciətlərinə baxılır. Mediasiya Şurasının sədri cənab Nadir Adilovun təşəbbüsü və başçılığı ilə bir çox dövlət və qeyri-dövlət qurumları ilə sıx əməkdaşlıq münasibətləri formalaşdırılmışdır. Qısa müddət ərzində Mediasiya Şurasının fəaliyyət prosesində çox mühüm nailiyyətlərin əldə olunması Azərbaycanda mediasiya institutununun çox sürətlə inkişaf edəcəyinə işarə etməkdədir. Mediasiya Şurası tərəfindən aparılan statistik təhlillərin göstəricisinin müsbət olması mediasiya prosesinin Azərbaycanda çox mühüm dəyişiklərə gətirib çıxaracağına ümidləri daha da artırmaqdadır.