“Proqram təminatı” dedikdə kompüter sistemləri və cihazlarını idarə etmək üçün istifadə olunan proqramlar, tətbiqlər və verilənlər nəzərdə tutulur. Proqram təminatı mahiyyət etibarı ilə kompüterə nəyi, necə və nə vaxt etməli olduğunu göstərən təlimatlar toplusudur [9, s. 60]. Son zamanlarda proqram təminatı kommunikasiya və əyləncə sahələrindən tutmuş ticarət və təhsil sahələrinə qədər hər bir sferada mühüm rol oynayaraq müasir cəmiyyətin ayrılmaz hissəsinə çevrilib.
Bəs nəyə görə proqram təminatını əqli mülkiyyət hüquqları konteksində araşdırmaq lazımdır? Bu iki anlayış - Proqram təminatı və Əqli Mülkiyyət (ƏM) arasında hansı əlaqə mövcuddur?
Qeyd edilməlidir ki, “Əqli Mülkiyyət” anlayışı ədəbi-bədii əsərlər, ixtiralar, faydalı modellər, simvollar, sənaye nümunələri, ticarət sirləri də daxil olmaqla, intellektual fəaliyyətin nəticəsi olan obyektləri nəzərdə tutur [14, s. 3]. Proqram təminatı da öz növbəsində proqramlaşdırma dilləri və alətlərindən istifadəni tələb edən yaradıcılığın təzahürüdür. Proqram təminatının ƏM kimi qorunması innovasiyanı, yaradıcılığı və texnologiyanın davamlı inkişafını təşviq edir. Ümumilikdə, proqram təminatının ƏM kimi mühafizəsi proqram təminatı yaradıcılarının əməklərinə görə mükafatlandırılmalarını və onların proqram təminatının necə istifadə olunduğuna, paylanmasına və satılmasına nəzarət etmək imkanına malik olmasını təmin etmək üçün vacibdir.
Proqram təminatını ƏM kimi qorumaq üçün hansı üsullar mövcuddur?
- Proqram təminatında müəlliflik hüququ: Proqram təminatı ƏM obyekti kimi müəllif hüquqları ilə qoruna bilər. Müəlliflik hüququ ideyaların maddi formada orijinal ifadəsinin qorunmasını təmin edir [3], yəni mənbə kodu və obyekt kodu kimi elementləri ehtiva edən proqram təminatında ideyaların ifadə formasını qoruyur. Nəticə etibarı ilə, proqram təminatı üzrə müəllif hüquqlarının qorunması proqram təminatının tərtib olunduğu, strukturlaşdırıldığı və nümayiş etdirildiyi xüsusi formanı əhatə edir. Bu o deməkdir ki, proqram təminatının yaradıcısı proqram təminatını çoxaltmaq, yaymaq, nümayiş etdirmək və ifa etmək, həmçinin proqram təminatı əsasında törəmə əsərlər yaratmaq üçün müstəsna hüquqlara malikdir. Proqram təminatı üzrə müəllif hüquqlarının qorunması avtomatikdir və proqram təminatının maddi formada ifadə olunması ilə başlayır. Qeydiyyat məcburi olmasa da, proqram təminatı yaradıcıları effektiv hüquqi müdafiədən yararlanmaq məqsədilə öz müəlliflik hüquqlarını müvafiq dövlət qurumunda qeydiyyatdan keçirə bilərlər.
- Proqram təminatı üzrə patent mühafizəsi: Proqram təminatı patent ilə müəyyən şərtlər daxilində qoruna bilər. Ümumiyyətlə, patent faydalı olan və patentləşdirilə bilən obyektlər dairəsinə daxil olan yeni və aşkar olmayan ixtiraya verilə bilər. Proqram təminatı üçün ixtira, adətən, konkret texniki problemin yeni və qeyri-aşkar həllini ehtiva etməlidir. Patent sahibinə patentləşdirilmiş ixtiranın müəyyən müddətə (adətən, müraciətdən sonrakı 20 il müddətində) başqaları tərəfindən istehsalının, istifadəsinin və ya satılmasının qarşısını almaq üçün müstəsna hüquqlar verir. Proqram təminatı üçün patent mühafizəsi aşağıdakı səbəblərə görə vacib hesab edilir:
- Müstəsna hüquqlar: Patentlər sahibinə patentləşdirilmiş ixtiranın istifadəsinə, satışına, idxalına və yaradılmasına nəzarət etmək üçün müstəsna hüquqlar verir, beləliklə, ixtiranın başqaları tərəfindən sahibindən icazəsiz istifadə edilməsinin və ya kopyalanmasının qarşısını alır.
- Gəlir mənbəyi: Proqram təminatı patenti ixtiraçılar və şirkətlər üçün patentləşdirilmiş proqram təminatı ixtiralarını lisenziyalaşdırmaq və ya satmaqla gəlir mənbəyi rolu oynaya bilər.
- Pozuntuya qarşı müdafiə: Patentlər həmçinin ixtiraçının bazardakı mövqeyini və nüfuzunu qorumağa kömək edən hüquqi pozuntularla bağlı iddialara qarşı müdafiə üçün hüquqi əsas təklif edir.
- İnnovasiyanın təşviqi: Patentlər proqram təminatçılarını və şirkətləri tədqiqat və inkişafa investisiya qoymağa təşviq edən, yeni və faydalı proqram texnologiyalarının inkişafına gətirib çıxaran innovativ proqram təminatı ixtiraları üçün hüquqi müdafiə və maliyyə stimulları təmin edir.
- Əmtəə nişanı mühafizəsi: Proqram təminatında əmtəə nişanları digər sənaye sahələrindəki əmtəə nişanları ilə eyni qaydada tənzimlənir. Əmtəə nişanı dedikdə, müəyyən bir şirkət tərəfindən təqdim edilən məhsul və ya xidmətlərin mənşəyini digər təşkilatlardan fərqləndirən unikal söz, simvol və ya dizayn (kombinasiya) nəzərdə tutulur [10]. Proqram təminatı kontekstində əmtəə nişanı müəyyən proqram məhsulu və ya xidmətinin adını, loqotipini və ya digər brendinq elementlərini qorumaq üçün istifadə edilə bilər. Aşağıdakılar qlobal populyarlıq qazanmış məşhur proqram təminatı əmtəə nişanlarının sadəcə bir neçə nümunəsidir:
- "Microsoft Windows": “Microsoft Windows” əmtəə nişanı qlobal miqyasda ən tanınmış proqram təminatı əmtəə nişanlarından biridir. 1980-ci illərin ortalarından etibarən Windows əməliyyat sistemi geniş istifadə edilməkdədir və sözügedən əmtəə nişanı məhsulun və markanın tanınmasına kifayət qədər kömək etmişdir.
- "Apple iOS": iOS əmtəə nişanı iPhone və iPad-lər üçün Apple-ın mobil əməliyyat sistemini tanıdır. iOS əmtəə nişanı Apple brendinin mühüm tərkib hissəsidir və bütün dünyada milyonlarla istifadəçi tərəfindən tanınır.
- Kommersiya sirrinin qorunması: Proqram təminatında kommersiya sirləri dedikdə şirkətə rəqabət üstünlüyü təmin edən və ümumiyyətlə, ictimaiyyətə məlum olmayan kommersiya məlumatı, texnikası və ya prosesləri nəzərdə tutulur. Proqram təminatında kommersiya sirlərinə misal olaraq mənbə kodu, alqoritmlər, müştəri siyahıları və digər məxfi məlumatlar göstərilə bilər. Proqram təminatı məlumatlarının və ya proseslərin kommersiya sirri kimi təsnif edilməsi üçün onlar müəyyən meyarlara cavab verməlidirlər. Buraya məlumatın məxfi saxlanması və başqaları tərəfindən asan əldə olunmama imkanı, şirkətə fayda verən kommersiya dəyərinə malik olması, sirri saxlamaq üçün ağlabatan tədbirlər görülməsi və məlumatın şirkət tərəfindən müstəqil şəkildə inkişaf etdirilməsi faktı daxildir [2, s.2].
Proqram təminatında kommersiya sirlərini qorumaq üçün şirkətlər məxfi məlumatlara girişi məhdudlaşdırmaq üçün giriş nəzarəti və monitorinq sistemlərinin tətbiqi, işçilər və podratçılarla münasibətlərdə “açıqlanmama müqavilələri”ndən (NDA) istifadə edilməsi və məxfi məlumatlarla işləmək üçün aydın siyasət və prosedurların yaradılması kimi bir sıra tədbirlər görə bilər. Məsələn, proqram təminatı şirkəti öz işçilərindən, podratçılardan və ya tərəfdaşlarından özəl proqram koduna, alqoritmlərinə və ya digər məxfi məlumatlara daxil olmamışdan əvvəl NDA imzalamağı tələb edə bilər. Kommersiya sirrinin lazımi şəkildə qorunmaması əhəmiyyətli maliyyə və reputasiya zədələnməsi ilə nəticələnə bilər.
- ƏM Lisenziya və Transfer Müqavilələri: Proqram təminatı şirkətləri və yaradıcıları üçün vacib hüquqi strategiyalardan biri də ƏM hüquqlarının ƏM lisenziyası və transfer müqavilələri vasitəsilə qorunmasıdır ki, bu da onların işinə görə lazımi kompensasiyanı təmin edə və hüquqlarını qoruya bilər. Bu müqavilələr adətən patent, müəllif hüquqları və kommersiya sirləri kimi ƏM hüquqlarının bir tərəfdən digərinə ötürülməsini və ya lisenziyasını tənzimləyir.
Xüsusilə proqram təminatının qorunmasına yönəlmiş vahid beynəlxalq konvensiya və ya müqavilə mövcud olmasa da, proqram təminatı və ƏM-in digər formaları üçün müəyyən mühafizə təmin edən bir sıra beynəlxalq müqavilə və sazişlər mövcuddur. Bunlara daxildir:
- Ədəbi və Bədii Əsərlərin Qorunması haqqında Bern Konvensiyası: Bu müqavilə bədii və ədəbi əsərlər üzərində müəllif hüquqlarının qorunması üçün əsas bazanı müəyyən edir. “Proqram təminatı” ifadəsi açıq şəkildə qeyd edilməsə də, müqavilənin 2-ci maddəsində “ədəbi-bədii əsərlər”in ifadə üsulundan və formasından asılı olmayaraq ədəbi, elmi və incəsənət sahəsindəki bütün əsərləri əhatə etdiyi bildirilir. Bu əsərlərə misal olaraq kitablar, broşürlər, mühazirələr və digər oxşar əsərləri göstərmək olar [11].
- Əqli Mülkiyyət Hüquqlarının Ticarətlə Əlaqəli Aspektlərinə dair Saziş (TRIPS): TRIPS Müqaviləsi kompüter proqramlarını müəllif hüquqları ilə qoruna bilən əsər forması kimi tanıyır. TRIPS-in 10-cu maddəsinə əsasən, kompüter proqramları mənbə kodu və ya obyekt kodu formatında olmasından asılı olmayaraq Bern Konvensiyasına əsasən ədəbi əsər sayılır (1971) [12].
- Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Müəllif Hüquqlarına dair Müqavilə və ÜƏMT İfalara və Fonoqramlara dair Müqavilə: Bu beynəlxalq müqavilələr rəqəmsal sahədə proqram təminatı və digər müəllif hüquqları ilə bağlı hüquqlar üçün əlavə qorunma tədbirləri təklif edir. ÜƏMT Müəllif Hüquqlarına dair Müqavilədə (WCT) əsas diqqət rəqəmsal əsərlərin və onların yaradıcılarının hüquqlarının qorunmasıdır. Bundan əlavə, müqavilə müəlliflik hüququ ilə qorunan iki növ əsəri qeyd edir: (i) ifadə üsulundan və ya formatından asılı olmayaraq kompüter proqramları və (ii) “verilənlər bazası” kimi tanınan məlumat və ya digər materialların kompilyasiyaları [13].
- Avropa Birliyinin Proqram Təminatı Direktivi: Direktivin əsas məqsədi proqram təminatı üçün müəllif hüquqlarının qorunmasını təmin etmək və proqram təminatının lisenziyalaşdırılması və paylanması üçün xüsusi qaydaların müəyyən edilməsidir. Direktiv proqram təminatını ədəbi əsər kimi tanıyır və istifadəçinin şəxsi istifadə üçün ehtiyat nüsxəsini çıxarmaq hüququ kimi müəyyən istisnalar nəzərə alınmaqla, müəllifin proqramı çoxaltmaq, uyğunlaşdırmaq və yaymaq üçün müstəsna hüquqlarını tanıyaraq, proqram təminatı üçün müəllif hüquqlarının qorunmasını təmin edir. [4].
Proqram təminatının mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının ƏM qanunvericiliyi ilə bağlı “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsini qeyd etmək yerinə düşər: “Kompüter proqramları (proqram təminatı) ədəbi əsərlər təsnifatına daxil olmaqla müəlliflik hüququ ilə mühafizə edilir. Kompüter proqramlarının mühafizəsi istənilən dildə və formada ifadə olunan bütün növ proqramlara, o cümlədən mənbə kodu və obyekt koduna, əməliyyat sistemlərinə şamil edilir” [1].
Nəticə olaraq, tərtibatçıların, istifadəçilərin və sahiblərin hüquq və vəzifələrini düzgün realizə etmək üçün dünya miqyasında yerli və digər yurisdiksiyalarda proqram təminatının mühafizəsi üzrə qanunlar və qaydalar ilə xəbərdar olmaq vacibdir. Yuxarıda qeyd edildiyi kimi patent, əmtəə nişanları, kommmersiya sirləri və müəllif hüquqları kimi bir sıra hüquqi mexanizmlərdən istifadə proqram təminatının qorunmasında faydalı ola bilər.
Müəllif:
GÜNEL NƏCƏFZADƏ
İstifadə edilmiş ədəbiyyat:
- « Müəlliflik hüququ və əlaqəli hüquqlar » haqqında Azərbaycan Respublikasının Qanunu, https://e-qanun.az/framework/4167
- B, Zeidman and N, Bear. (2008). What, Exactly, Is Software Trade Secret Theft? The journal of Intellectual Property Today, p 5
- Copyright Protection of Computer Software, https://www.wipo.int/copyright/en/activities/software.html
- EU Software Directive, https://eur-lex.europa.eu/legal-content/EN/ALL/?uri=CELEX%3A32009L0024
- European IP Helpdesk. (2019). IP Licensing. Publication Office of the European Union, Bulletin No.1, p 20.
- European IP Helpdesk. (2021). Non-Disclosure Agreement: a Business Tool. Luxembourg: Publication Office of the European Union, p 10.
- Frederic B. Schramm. (1960). Licenses, Contracts, and Assignments of Intellectual Property. 9 Clev.-Marshall L. Rev., p 77.
- Intellectual Property Rights in Software – What They Are and How to Protect Them, https://freibrunlaw.com/intellectual-property-rights-software-protect/
- Osterweil, L.J. (2008). What is software? The Role of Empirical Methods in Answering the Question. Journal of Automated Software Engineering, Issue 3–4, p 76.
- Software Intellectual Property: What It Is & How to Protect It, https://cpl.thalesgroup.com/software-monetization/protecting-software-intellectual-property#:~:text=What%20Is%20Software%20IP%3F,to%20that%20code%20or%20software
- Summary of the Berne Convention for the Protection of Literary and Artistic Works (1886), https://www.wipo.int/treaties/en/ip/berne/summary_berne.html
- The TRIPS Agreement, https://www.wto.org/english/docs_e/legal_e/27-trips_04_e.htm#:~:text=Article%2010&text=Compilations%20of%20data%20or%20other,shall%20be%20protected%20as%20such
- WIPO Copyright Treaty (WCT), https://www.wipo.int/treaties/en/ip/wct/
- World Intellectual Property Organization. (2020). What is intellectual property? Geneva: WIPO Publication No. 450E/20, p 25.